Elan qaydaları

Redaksiya № 1.3 · 27 oktyabr 2026

1. Ümumi

1.1. Bu qaydalar İstifadəçi razılaşmasının ayrılmaz hissəsidir və bütün elan, video, hekayə, profil adı və şəkillərinə şamil olunur.

1.2. Hər elan, video və hekayə dərc olunmazdan əvvəl yoxlanılır. Qaydalara uyğun olmayan məzmun dərc olunmur, səbəbi bildirişlə göndərilir.

1.3. Qaydalar reklamlı elanlara da eyni qaydada şamil olunur. Qaydaları pozan dərc olunmuş elan reklamlı olsa belə silinə və ya bloklana bilər; bu halda yer və ödənilmiş məbləğ geri qaytarılmır.

1.4. Qaydaların təkrar pozulması və ya çoxsaylı şikayət hesabın bloklanmasına səbəb ola bilər.

2. Nə yerləşdirmək olar

2.1. Butikimdə yalnız bu kateqoriyalarda məhsul yerləşdirilir: geyim, ayaqqabı, aksesuar, ətir, kosmetik vasitələr.

2.2. Yalnız yeni məhsullar qəbul olunur. Köhnə və ya işlənmiş məhsul elanı dərc olunmur.

2.3. Bir elanda bir məhsul olmalıdır. Eyni məhsulun rəng və ölçüləri bir elanda göstərilir; fərqli məhsullar ayrı-ayrı elanla yerləşdirilir.

2.4. Elan düzgün kateqoriyada yerləşdirilməlidir. Səhv kateqoriyanı Administrasiya düzəldə bilər.

2.5. Eyni məhsulun təkrar elanı qadağandır. Təkrar elan dərc olunmur, aşkar edildikdə silinir.

3. Başlıq, təsvir və qiymət

3.1. Başlıq məhsulun adını qısa və dəqiq göstərməlidir (3–80 simvol).

3.2. Təsvir yalnız həmin məhsula aid olmalıdır (ən çox 250 simvol).

3.3. Başlıqda və təsvirdə telefon nömrəsi, link, sosial şəbəkə hesabı və digər əlaqə məlumatı yazmaq qadağandır. Əlaqə üçün elanda zəng və WhatsApp düymələri var.

3.4. Qiymət manatla və real göstərilməlidir. Şərti və ya yanıltıcı qiymət elanın silinməsinə səbəb olur.

3.5. Geyim, ayaqqabı və aksesuar elanının başlığında marka (brend) adı yazılmır. Marka təsvirdə göstərilə bilər. Başlığında marka adı olan elan dərc olunmur.

4. Şəkillər

4.1. Elanda ən çox 6 şəkil ola bilər. Şəkil satılan real məhsulu aydın göstərməlidir. Məhsul görünməyən və ya çox keyfiyyətsiz şəkil qəbul olunmur.

4.2. Başqasının şəklini (başqa satıcı, mağaza və ya saytdan götürülmüş) icazəsiz istifadə etmək qadağandır.

4.3. Şəkildə telefon nömrəsi, link, reklam yazısı və ya başqa saytın loqosu olmamalıdır.

5. Video və hekayə

5.1. Video və hekayədə moda məhsulu nümayiş olunmalıdır. Məhsulsuz məzmun qəbul olunmur.

5.2. Video və hekayədə əlaqə məlumatı (nömrə, link, sosial şəbəkə hesabı) göstərmək qadağandır.

5.3. Başqasının videosunu yerləşdirmək qadağandır.

5.4. Keyfiyyətsiz, uyğunsuz musiqi və ya səsli video dərc olunmaya bilər.

6. Profil adı və şəkli

6.1. Ad şəxsin və ya mağazanın adı olmalıdır; söz, reklam və ya emoji ad sayılmır.

6.2. Adda telefon nömrəsi, link və ya @ işarəsi, təhqiramiz söz, başqa şəxsin və ya brendin adı olmamalıdır.

6.3. Profil şəkli və örtük yoxlamadan sonra görünür. Şəkildə mətn, nömrə, reklam və ya başqasının loqosu olmamalıdır.

7. Mağaza nişanı

7.1. Mağaza nişanı yalnız fiziki mağazası olan İstifadəçiyə verilir. Ünvan tam və yoxlanıla bilən olmalıdır.

7.2. Mağaza məlumatında (haqqında, çatdırılma, qaytarma və s.) əlaqə məlumatı yazmaq və başqa sayta keçid vermək qadağandır. Sosial şəbəkə və sayt üçün ayrıca sahələr var.

8. Qadağan olunan məzmun

  • Qanunvericiliklə satışı qadağan olunan məhsullar;
  • Saxta məhsul; tanınmış brendlərin loqo və əmtəə nişanlarının icazəsiz istifadəsi;
  • Erotik, ədəbsiz, təhqiramiz, zorakılıq və ya nifrət ehtiva edən məzmun;
  • Fırıldaqçılıq, yanıltıcı məlumat, məhsulun qüsurlarını gizlətmək;
  • Konkret məhsul təklif etməyən, ümumi reklam xarakterli elanlar.

9. Redaktə və dayandırma

9.1. Elanda edilən dəyişiklik də bu qaydalara uyğun olmalıdır.

9.2. Elanı başqa məhsula çevirmək qadağandır. Dərc olunmuş elanın kateqoriyası dəyişdirilmir.

9.3. Şəkil, ad, təsvir, qiymət və endirim dəyişdikdə elan yenidən yoxlanılır — gündə ən çox 2 dəfə. Yoxlama müddətində əvvəlki versiya və əvvəlki qiymət görünür. Ölçü, rəng və filial dərhal dəyişir.

9.4. Elanı və ya videonu gündə ən çox 10 dəfə dayandırıb yenidən aktivləşdirmək olar. Limit dolduqda elan son vəziyyətində qalır; ertəsi gün yenidən dəyişmək olar.

9.5. Videonun açıqlaması dəyişdikdə video yenidən yoxlanılır — gündə ən çox 2 dəfə. Video faylı və örtük şəkli dəyişdirilmir.

10. Şikayət

10.1. Qaydalara uyğun olmayan elan, video və ya istifadəçi barədə tətbiqdəki «Şikayət et» düyməsi ilə məlumat verə bilərsiniz. Hər şikayətə baxılır.

10.2. Administrasiya bu qaydaları birtərəfli qaydada dəyişə bilər.